ABŞ Kosmik Qüvvələri Yaponiyada ayrıca bölmə yaradacaq

 09:42 15.09.2023     191

ABŞ Kosmik Qüvvələri bir il ərzində Yaponiyada özünün ayrıca bölməsinin yaradılmasını elan etmək niyyətindədi.

Redaktor.az-ın "Sankei" nəşrinə istinadla məlumatına görə, bu barədə amerikalı hərbi mənbələri bildirib.

Həmin bölmə Tokio ətrafında yerləşən Yokota Hərbi Hava Qüvvələri bazasında yerləşəcək və hazırda fəal hazırlıq gedir.

ABŞ-ın Yaponiyadakı Kosmik Qüvvələri Havaydakı regional komandanlığa tabe olacaq və onlara peyk rabitəsi sistemlərini, potensial düşmənlərin fəaliyyəti üçün müşahidə sistemlərini gücləndirmək və raket buraxılışlarını izləmək tapşırılacaq. Bölmənin Tokiodan kənarda yerləşən Fuçu hərbi bazasında yerləşən Yaponiya Özünümüdafiə Qüvvələri Kosmik Əməliyyatlar Qrupu ilə sıx koordinasiya qurması gözlənilir. Bu sahədə mülki dövlət proqramlarına cavabdeh olan Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi ilə də əlaqələr qurulacaq.

Qeyd edək ki, ABŞ Kosmik Qüvvələri 2019-cu ildə yaradılıb və 2022-ci ildə Havayda yerləşən ayrı Hind-Sakit Okean Komandanlığı yaradılıb. Ötən ilin dekabrında ABŞ Kosmik Qüvvələrinin bölməsi Cənubi Koreyada fəaliyyətə başlayıb.

Turan İSMAYIL