Makronun Roma Papası ilə görüşmək istəməsi Fransada tənqid olundu

 17:45 15.09.2023     285

Fransa Prezidenti Emmanuel Makron Roma Papası Fransiskin səfəri zamanı ona ehtiram bildirmək üçün Marselə səfər etmək niyyətindədir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Makron bunu Semur-en-Aussois kommunasına səfəri zamanı bildirib.

“Fransada "Stade Velodrome"da ibadət mərasimini qeyd etmək üçün bizə gələn dövlət başçısını, Papanı qəbul etdiyimizi nəzərə alsaq, düşünürəm ki, bura mənim getməli olduğum yerdir. Mən ora katolik kimi yox, dünyəvi olan Fransa Respublikasının prezidenti kimi gedəcəyəm. Hörmət göstərmək üçün ora gedəcəm. İbadət zamanı dini ibadətlə məşğul olmayacağam”, – prezident jurnalistlərə deyib.

Bunun dövlət qurumlarının və cəmiyyətin dünyəvilik prinsipinə zidd olub-olmaması ilə bağlı sualı cavablandıran Makron əmin edib ki, dövlət özü və onun bütün xidmətləri neytral yanaşmaya riayət edir. Prezidentin sözlərinə görə, “dünyəvilik dinin siyasətə qarışmamasını nəzərdə tutan azadlıqdır”, Fransa cəmiyyəti “bu və ya digər fəlsəfəyə inanmağa və ya inamsızlığa” icazə verir. “Dinindən asılı olmayaraq, istər kədərli, istərsə də daha sevincli hadisələrdən asılı olmayaraq, dini tədbirlərdə iştirak edə bilərəm”, - o əlavə edib.

Qeyd edək ki, Fransada sol müxalifətin nümayəndələri Makronun Papa məclisinə getmək istəyi ilə bağlı mətbuatda yer alan məlumatlardan sonra onu tənqid ediblər. Yelisey Sarayı bu məlumatı təsdiqləyərək açıqlama verib ki, kilsə və dövlətin ayrılması “heç bir halda respublikanı “bütün dinlərlə” əlaqələr saxlamaqdan kənarda qoymur”. Makronun ofisi əmin edib ki, o, birlik mərasimində iştirak etməyəcək.

Turan İSMAYIL