Polşa Ukraynadan taxıl idxalına qoyulan qadağanın müddətini uzatdı
Polşanın inkişaf və texnologiya naziri Valdemar Buda X sosial şəbəkəsində (keçmiş Twitter) Ukraynadan ölkəyə taxıl tədarükünə qoyulan qadağanın müddətinin uzadılması haqqında sərəncam imzaladığını bildirib.
Redaktor.az bu barədə "gazeta.ru"ya istinadla xəbər verir.
"Avropa Komissiyasının Ukraynadan taxıl embarqosunun uzadılmasından imtina etməsi ilə bağlı səhv qərarı ilə əlaqədar olaraq, Baş nazir Mateuş Moravetski və bütün hökumətin göstərişlərinə uyğun olaraq, embarqonun saxlanılması haqqında sərəncam imzaladım", - Buda bildirib.
Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski Avropa İttifaqının (Aİ) müvafiq məhdudiyyətləri aradan qaldırmaq qərarına baxmayaraq, ölkə hakimiyyətinin Ukrayna taxılının idxalına qoyulan qadağanın müddətini uzadacağını bildirmişdi. Hökumət başçısı qeyd edib ki, Varşava bu məsələ ilə bağlı nə Brüsselin, nə də Berlinin fikirlərini dinləmək niyyətində deyil.
Avropa Komissiyasının (AK) mətbuat xidməti həmçinin bildirib ki, Ukrayna hökuməti Aİ ölkələrinə tədarük olunan taxılın həcmində artımın qarşısını almaq üçün tədbirlər görməyə söz verib.
Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nagy bildirib ki, ölkə Avropa Komissiyası tərəfindən idxal məhdudiyyətlərinin uzadılmaması səbəbindən 24 Ukrayna malının idxalına qadağa tətbiq edir.
Bundan əvvəl Kiyev Varşavanı taxıl embarqosu ilə bağlı “ağıllı qərar” qəbul etməyə çağırmışdı.
Turan İSMAYIL