Kremldən Kadırovun xəstəxanaya yerləşdirilməsi xəbərinə REAKSİYA: "Sözümüz yoxdur"

 14:01 18.09.2023     449

Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin vəziyyəti Rusiya Federasiyası Prezidentinin Administrasiyasının işi deyil.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə sosial şəbəkələrdə Kadırovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatı şərh etmək xahişinə cavab olaraq bildirib.

"Bizim bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur. İstənilən halda, Prezident Administrasiyası çətin ki, sağlamlıq haqqında arayış verə bilir. Ona görə də bizim burada deməyə sözümüz yoxdur", - Kreml nümayəndəsi izah edib.

Kadırovun ötən bazar günü Moskvada olub-olmaması və Vladimir Putinlə görüşüb-görüşməməsi ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Peskov deyib:

"Mənim də deyəcək sözüm yoxdur. Putinlə heç bir görüş olmayıb".

Qeyd edək ki, bundan əvvəl mətbuatda Ramzan Kadırovun səhhətinin pisləşməsi və onun Moskva xəstəxanalarından birinə yerləşdirildiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, Çeçenistan rəhbərinin özü belə söz-söhbətlərin ortaya çıxmasından sonra gəzintidən video yayımlayıb və “İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı” tövsiyə edib.

Turan İSMAYIL