Üç ölkə Ukrayna taxıl platformasında iştirakdan imtina etdi

 19:29 18.09.2023     388

Macarıstan, Polşa və Slovakiya Brüsseldə Ukrayna taxılının koordinasiya platformasının işində iştirak etməyəcək.

Redaktor.az bu barədə "RBC-Ukrayna"ya istinadla xəbər verir.

Bildirilib ki, Kiyevin təklifinə əsasən, Ukrayna İqtisadiyyat Nazirliyi hətta dövlətlərin belə bir sənədin verilməsinə qarşı olduğu hallarda belə, Avropa İttifaqına (Aİ), o cümlədən Ukrayna ilə həmsərhəd ölkələrə taxıl ixracı üçün icazələrin verilməsinə müstəqil qərar verəcək.

Ukrayna taxılının ixracı üçün icazələr Aİ ölkələri və Avropa Komissiyası ilə razılaşdırılacaq, lakin məsləhətləşmələrin nəticələrindən asılı olmayaraq, yekun qərar Kiyevdə qalacaq.

Aİ-dəki mənbə bildirib ki, Ukraynanın Ümumdünya Ticarət Təşkilatında (ÜTT) Polşa, Macarıstan və Slovakiyaya qarşı işin açılması barədə bəyanatından sonra ölkələr Brüsseldə Ukrayna taxılına dair platformanın işində iştirakdan imtina ediblər.

Platformanın işində Polşa, Macarıstan, Slovakiya, Rumıniya, Bolqarıstan, Avropa Komissiyası və Ukraynanın nümayəndələri iştirak ediblər. Görüşlər Brüsseldə baş tutub.

“Polşa, Macarıstan və Slovakiya prosessual ehtiyatlılıq və Ukraynanın ÜTT proseslərində bu üç ölkəyə qarşı koordinasiya platforması çərçivəsində təqdim edilən məlumatlardan istifadə edə bilməsi səbəbindən platformadan çıxır”, - Aİ mənbəsi bildirib.

Polşanın Aİ-dəki daimi nümayəndəsi Anjey Sados bildirib ki, Polşa Şurada Aİ-nin 27 ölkəsinin birgə kənd təsərrüfatı siyasətinin gələcəyi ilə bağlı məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Rusiyanın 2022-ci il işğalı onun kənd təsərrüfatı məhsullarını Qara dəniz limanları vasitəsilə dünya bazarlarına göndərmək imkanlarını məhdudlaşdırana qədər Ukrayna dünyanın aparıcı taxıl ixracatçılarından biri idi. O vaxtdan bəri ukraynalı fermerlər qonşu ölkələr vasitəsilə taxıl ixracına arxalanırlar.

Bununla belə, taxıl və yağlı bitkilərin qonşu ölkələrə axını yerli fermerlərin gəlirlərinə təsir göstərib və hökumətlərin Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymasına səbəb olub.

May ayında Aİ ayrı-ayrı ölkələrin birtərəfli hərəkətlərinin qarşısını almaq üçün Ukraynadan qonşu ölkələrə idxala qadağa qoyub. Aİ-nin qadağasına əsasən, Ukraynaya məhsulların başqa ölkələrdə satılması şərti ilə bu ölkələr vasitəsilə ixracına icazə verilib.

Cümə günü Ukraynanın qonşu ölkələrə ixraca nəzarəti gücləndirmək üçün addımlar atacağına söz verdikdən sonra Aİ qadağanın ləğvinə icazə verib. Həmin gün Polşa, Slovakiya və Macarıstan Avropa Komissiyasının qərarına baxmayaraq, Ukrayna taxılının idxalına öz məhdudiyyətlərini davam etdirəcəklərini açıqladılar.

Öz növbəsində, Ukrayna Polşa, Macarıstan və Slovakiyanın Ukraynanın kənd təsərrüfatı məhsullarına qoyulan qadağanı ləğv etməkdən imtinası ilə əlaqədar ÜTT-yə iddia qaldıracaq.

Turan İSMAYIL