Polşa Ukrayna taxılına qadağa qoymasına haqq qazandırır

 23:34 18.09.2023     250

Polşa hakimiyyəti Ukrayna taxılının idxalına qoyulan qadağanın haqlı olduğunu düşünür. Polşada ölkənin kənd təsərrüfatı bazarında sabitliyin pozulmasına icazə verilməyəcək.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Polşa hökumətinin sözçüsü Pyotr Müller deyib.

Onun sözlərinə görə, Polşa istənilən halda Rusiyaya qarşı müharibədə Ukraynaya kömək edəcək. O qeyd edib ki, Ukraynanın müharibədə məğlub olması Polşanın da məğlubiyyəti olacaq. Ancaq başqa məsələlərdə taxıl idxalı məsələsi arqument ola bilməz.

"İnanırıq ki, Ukrayna taxılının idxalına qadağa qoyulması istiqamətində hərəkətlərimiz haqlıdır. Biz Polşanın kənd təsərrüfatı bazarının pozulmasına imkan verməyəcəyik. Bu məsələ ilə bağlı fikrimizi dəyişmirik və polşalı fermerlərin müdafiəsi üçün tədbirlər görəcəyik".

Xatırladaq ki, sentyabrın 15-də Avropa Komissiyası Ukrayna taxılının Polşa, Macarıstan, Slovakiya, Bolqarıstan və Rumıniyaya idxalına qoyulan qadağanı aradan qaldırmaq barədə qərar qəbul edib.

Bu qərardan sonra Polşa, Macarıstan və Slovakiya məhdudiyyətləri birtərəfli qaydada uzadıb. Bu, Ukrayna taxılının yuxarıda göstərilən ölkələrdə idxalının daxili bazarda qiymətlərə böyük təsir göstərməsi ilə bağlıdır. Bu, fermerlərin geniş narazılığına səbəb olub.

Qeyd edək ki, Polşada keçiriləcək parlament seçkiləri fonunda ölkədə belə bir qalmaqal yaşanıb. Onlarda həm indiki hakim “Hüquq və Ədalət” partiyası, həm də “Vətəndaş Platforması” iştirak edir.

Seçkilər 2023-cü il oktyabrın 15-də keçiriləcək. Onlar Milli Assambleyanın (parlament) 560 üzvünü - Seymin (aşağı palata) 460 deputatını və Senatın (yuxarı palata) 100 üzvünü seçəcəklər.

Xatırladaq ki, bundan əvvəl Polşa hakimiyyəti Ukrayna taxılının idxalına qoyulan məhdudiyyətləri uzatmaq qərarına gəlib.

Ukrayna buna cavab olaraq Ümumdünya Ticarət Təşkilatına iddia qaldırır, çünki o, Varşavanın bunu seçkiqabağı siyasi populizm maraqları naminə etdiyinə inanır.

Turan İSMAYIL