Türkiyə İsveçin NATO-ya müraciətini ratifikasiya edəcək?

 11:36 19.09.2023     172

İsveçin baş naziri Ulf Kristersson krallığın bu payızda NATO-nun tamhüquqlu üzvü olacağını və bunun Türkiyə parlamenti yay tətilindən sonra işə qayıdan kimi baş tutacağını bildirib.

Redaktor.az xəbər verir ki, o, bunu STV televiziyasına müsahibəsində deyib.

"Vilnüsdə biz NATO-ya üzvlüklə bağlı razılığa gəldik və əminəm ki, bu saziş qüvvədədir" - isveçli siyasətçi bildirib.

Qeyd edək ki, iyulun 11-12-də Vilnüsdə təşkilatın sammiti öncəsi Ərdoğanın Kristersson, NATO-nun baş katibi Yens Stoltenberq və Avropa Şurasının sədri Şarl Mişel ilə məsləhətləşmələrindən sonra Türkiyə İsveçin NATO-ya qəbulu ilə bağlı vetosunu ləğv etməyə razılaşıb. Stokholm Ankaranın terrorçu elan etdiyi təşkilatlara dəstək verməyəcəyinə və Aİ-yə üzvlük məsələsində ona hər cür köməklik göstərəcəyinə söz verib. Amma bu yay İsveçdə Quranın yandırılması ilə bağlı bir sıra nümayişlər keçirilib, bu hərəkətlər müsəlman ölkələrinin əhalisi və hakimiyyət orqanlarının kəskin mənfi reaksiyasına səbəb olub, Türkiyə ilə İsveç arasında münasibətləri gərginləşdirib.

İsveçin ərizəsi Budapeşt tərəfindən də ratifikasiya olunmayıb. Macarıstan parlamenti isveçli siyasətçilərin tənqidi bəyanatlarından narazı qaldığı üçün hələ ki, bunu etməyib. Eyni zamanda, Budapeşt dəfələrlə bəyan edib ki, o, şimal ölkəsinin hərbi-siyasi bloka qoşulmasına mane olmaq niyyətində deyil və “belə bir sazişi ratifikasiya etməyən sonuncu olmayacaq”.

Turan İSMAYIL