Ukrayna Rusiyanın bahalı S-400-lərini məhv edir

 15:34 20.09.2023     262

Ukrayna Kremlin öyündüyü Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini darmadağın edir. Bu, Rusiya üçün ağrılı və baha başa gələn itkidir.

Redaktor.az xəbər verir ki, bu barədə "Newsweek" yazır.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, 2023-cü ilin əvvəlinə Rusiyanın arsenalında təxminən 96 S-400 mobil zenit-raket kompleksi var idi. 

Hollandiyanın “Oryx” kəşfiyyat agentliyi qeyd edir ki, Ukrayna hərbçiləri komanda məntəqələri, buraxılış qurğuları və radarlar da daxil olmaqla, ən azı 5 dəfə S-400 məhv edib.

Nəşrin qeyd etdiyi kimi, S-400 sistemi Amerika "Patriot" kompleksinin Rusiyadakı ekvivalenti hesab olunur. Əslində bu, sovet S-300-ün modernləşdirilmiş versiyasıdır.

Mütəxəssislərin fikrincə, S-400 əvvəlcə Ukraynada yaxşı performans göstərsə də, indi getdikcə daha çox Ukrayna hücumlarının hədəfinə çevrilir. London "Royal United Services Institute" analitik mərkəzinin əməkdaşı S.Kaushal hesab edir ki, S-400 sistemlərinin itirilməsi Rusiyanın hava hücumundan müdafiəsinə ağrılı, bahalı və alçaldıcı zərbədir.

Üstəlik, Rusiya S-4000-lərinin məhv edilməsi ilə bağlı beş hadisədən ikisi son bir ayda baş verib: avqustun 23-də Ukrayna Krımın qərbində yerləşən sistemə, sentyabrın 14-də isə pilotsuz təyyarələr Yevpatoriya yaxınlığındakı hava hücumundan müdafiə mövqeyinə hücum edib.

Hərbi ekspert David Hamblinqin fikrincə, S-400-lərin itirilməsi Rusiyanın Krımdakı hədəflərini "Storm Shadow" qanadlı raketlərinin hücumlarına qarşı daha həssas edib. Onun sözlərinə görə, Rusiya Federasiyası, ehtimal ki, S-400 ətrafında müdafiəni gücləndirmək üzərində işləyir.

Turan İSMAYIL