Polşa taxıl tədarükü ilə bağlı Ukrayna ilə danışıqlara hazır olduğunu açıqladı

 19:51 20.09.2023     304

Varşava taxıl tədarükü probleminin həlli üçün Kiyevlə danışıqlara hazırdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Polşanın Mətbuat Agentliyinə ölkənin kənd təsərrüfatı naziri Robert Telus bildirib.

"Biz bu cür danışıqları səbirsizliklə gözləyirik və onlara hazırıq. Biz Polşa bazarını, polşalı fermerləri qoruyacaq və Ukraynaya kömək edəcək bir həll tapmağa açığıq" -deyən nazirin sözlərinə görə, Polşa tranzitlə bağlı Ukraynaya kömək etmək istəyir:

"Ancaq bu, polşalı fermerlərin bahasına deyil, tranzit üsulu olmalıdır".

Bundan əvvəl Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka Polşanın RMF24 radiostansiyasına müsahibəsində bildirmişdi ki, Ukrayna Polşa tərəvəz və meyvələrinin tədarükünə embarqo tətbiq etmək istəmir və razılığın əldə olunmasına ümid edir.

Telusun sözlərinə görə, o, bu bəyanatı barışdırıcı kimi qəbul edib:

“Düşünürəm ki, Ukrayna öz mövqeyini və əvvəllər ifadə etdiyi fikirləri düşünüb"

Bazar ertəsi Kaçka bildirib ki, Kiyev Avropa İttifaqının qərarına zidd olaraq, sentyabrın 15-dən sonra Ukrayna taxılının idxalına qoyulan qadağanı uzaddıqları üçün Macarıstan, Polşa və Slovakiyaya qarşı Ümumdünya Ticarət Təşkilatına iddia qaldırmağa başlayacaq. O, həmçinin bildirib ki, Kiyev Varşavanın hərəkətlərinə cavab verməyə və Polşadan tərəvəz və meyvələrin idxalına qadağa tətbiq etməyə məcbur olacaq.

Turan İSMAYIL