Zelenskinin Almaniyanı BMT Təhlükəsizlik Şurasına daxil etmək təklifinə Polşadan ETİRAZ
Ukrayna Prezidenti Volodimir Zelenskinin Almaniyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi daxil edilməsi təklifi kəskin etirazlara səbəb olmalıdır.
Redaktor.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) Polşa xarici işlər nazirinin müavini və hökumətin təzminat üzrə nümayəndəsi Arkadiuş Mularçik yazıb.
“Zelenskinin Almaniyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq təklifi dərin etiraza səbəb olmalıdır”, - polşalı diplomat yazıb.
Onun fikrincə, Almaniya “İkinci Dünya müharibəsi zamanı Polşaya və digər xalqlara, o cümlədən Ukraynaya qarşı quldurluq və hərbi cinayətlərin əvəzini heç vaxt ödəməmiş və buna görə də dünyada sülh və təhlükəsizliyin təminatçısı ola bilməyən ölkədir” - nazir müavini deyib.
Qeyd edək ki, Polşa hakimiyyət orqanları 2022-ci il sentyabrın 1-də 1939-1945-ci illərdə faşist Almaniyasının hücumu və alman işğalı nəticəsində Polşanın verdiyi itkilər haqqında üç cildlik hesabat təqdim edib. Elan edilmiş ümumi məbləğ 6,2 trilyon zloti (təxminən 1,3-1,5 trilyon dollar) təşkil edib. 3 oktyabr 2022-ci ildə Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyadan təzminat ödəməsini tələb edən nota imzalayıb.
Almaniya hökuməti dəfələrlə bildirib ki, Polşa 1953-cü ildə təzminatlardan rəsmən imtina etdiyi üçün heç bir ödəniş üçün heç bir səbəb görmür.
Xatırladaq ki, Zelenski çərşənbə günü Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında Almaniyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi daxil edilməsi təklifi ilə çıxış edib.
Turan İSMAYIL