Polşa və Ukrayna arasında silah gərginliyinə Pentaqondan REAKSİYA

 23:29 21.09.2023     381

Amerika Birləşmiş Ştatları Polşanın Baş naziri  Mateuş Moravetskinin Ukraynaya silah tədarükünü dayandırmaq barədə bəyanatını suveren qərar kimi qiymətləndirir.

Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə bildirib.

"Biz həmişə demişik ki, hər hansı bir ölkə hansı səviyyədə dəstək verdiyinə özü qərar verir" - o, deyib.

Onun sözlərinə görə, Polşa Ukraynaya təhlükəsizlik və humanitar yardım göstərən aparıcı ölkələrdən biri olub.

Rayder xatırladıb ki, Polşa Rusiyanın işğalı nəticəsində tərk edilmiş bir milyondan çox ukraynalı qaçqını dəstəkləyib.

Xatırladaq ki, dünən Polşanın baş naziri Mateuş Moravetski ölkəsinin Ukraynaya silah ötürülməsini dayandırdığını bildirib. O, bunu hökumətin öz Silahlı Qüvvələrini modernləşdirməyə çalışması ilə izah edib.

Daha sonra Polşa hökumətinin sözçüsü Piotr Müller aydınlıq gətirib ki, Polşa əvvəllər razılaşdırılmış müqavilələr əsasında Ukraynaya silah ötürməkdə davam edir.

Eyni zamanda, Polşa KİV-i Moravetskinin belə bir bəyanatından sonra Xarici İşlər Nazirliyinin təəccübləndiyini yazıb.

Polşa prezidenti Anjey Duda TVN24 telekanalına müsahibəsində bildirib ki, Polşanın baş naziri Mateuş Moravetskinin guya Ukraynaya silah ötürülməsinin dayandırılması ilə bağlı sözləri kontekstdən çıxarılıb. Dudanın sözlərinə görə, Polşa baş nazirinin bəyanatı ən pis şəkildə şərh edilib.

"Məncə, baş nazir sadəcə olaraq belə dedi: biz Polşa ordusunun modernləşdirilməsi çərçivəsində aldığımız yeni silahları Ukraynaya vermək fikrində deyilik", - prezident aydınlıq gətirib.

Polşa dövlətinin başçısı bildirib ki, bir neçə ay əvvəl o, Moravetski ilə ölkə ordusu üçün hərbi satınalma məsələsini müzakirə edib. Sonra Polşanın başqa ölkələrdən milyardlarla dollara aldığı yeni silahları ötürə bilməyəcəyi ilə bağlı mövqe razılaşdırıldı.

"Mən indi Cənubi Koreyadan və ya ABŞ-dan aldığımız bu yeni silahların, məsələn, yeni "Abrams" və ya "Patriot" dəstləri və ya HIMARS-ın təhvil verilməsinə ilk qarşı çıxacağam" - Duda deyib.

Qeyd edək ki, bütün bunlar taxıl idxalı ilə bağlı ölkələr arasında münaqişə fonunda baş verib. 

Turan İSMAYIL