"Müxtəlif sözlər var, bəzən acı, bəzən hətta ağrılı" - Polşa prezidenti Ukrayna ilə münasibətlərdən danışdı

 15:15 22.09.2023     322

Polşanın Ukrayna taxılının Polşa ərazisinə tədarükünü qadağan etmək qərarı ilə bağlı mübahisə Varşava ilə Kiyev arasında münasibətlərə ciddi təsir etməyəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Poznanda keçirilən “Ümumi gələcək” forumunda çıxış edən respublika prezidenti Anjey Duda deyib.

"Şübhə etmirəm ki, Ukraynadan Polşa bazarına taxıl tədarükü ilə bağlı mübahisə Polşa-Ukrayna münasibətlərinin yalnız kiçik bir hissəsidir. İnanmıram ki, normal şəraitdə bu, onlara ciddi təsir göstərə bilər. Bu, bizim həll etməli olduğumuz məsələdir. Müxtəlif sözlər var, bəzən acı, bəzən hətta ağrılı. Mən istərdim ki, buna insani tərəfdən baxılsın. Bu, böyük emosiyalar dövrüdür...

Biz Ukraynaya kömək etməyə davam etməliyik. Ukraynanın bərpaya ehtiyacı var. Bərpa olmadan o, heç vaxt bizim böyük icmamızın bir hissəsi olmayacaq", - o deyib.

Həmçinin Duda xatırladıb ki, Avropa İttifaqına (Aİ) daxil olmaq üçün Ukrayna bir çox şərtləri yerinə yetirməlidir. “Ukrayna postsovet irsinin öhdəsindən təkbaşına gəlməlidir”, - deyən Polşa lideri əsas vəzifələr arasında korrupsiya üzərində qələbəni, idarəetmədə və iqtisadiyyatda aydın və açıq mexanizmlərin yaradılmasını, qanunlara əməl olunmasının təmin edilməsini və iqlim standartlarının tətbiqini göstərib.

Sentyabrın 15-də Avropa Komissiyası Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının tədarükünə embarqonu uzatmayıb, lakin Kiyevdən sentyabrın 18-dək Aİ ölkələrində bazarın pozulmasının qarşısını almaq üçün plan təqdim etməyi tələb edib. Bundan sonra Macarıstan, Polşa və Slovakiya Ukrayna taxılının idxalına birtərəfli qadağa qoyub. Ukrayna Ümumdünya Ticarət Təşkilatına şikayət edib və üç Avropa ölkəsinin qeyri-dost hərəkətləri ilə bağlı araşdırmaya başlayıb.

Varşava və Kiyev arasında kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı ittiham mübadiləsi hələ iyul ayında başlayıb. Ukrayna hakimiyyəti Varşavanın qadağanı uzatmaq təşəbbüsünü Kiyevə qarşı qeyri-dost və populist addım adlandırıb. Polşa hakimiyyəti bu cür bəyanatlara görə münasibətlərin pisləşməsini qeyd edib və Kiyevin nankorluğundan şikayətlənib. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak birbaşa etiraf edib ki, Kiyev hərbi əməliyyatlar bitənə qədər Varşavanı yaxın dost hesab edəcək və bundan sonra Ukrayna öz maraqlarını sərt şəkildə müdafiə edəcəyi ölkələr arasında rəqabət başlayacaq.

Turan İSMAYIL