Zelenskidən Polşaya etiraz: Konsert verməyə ehtiyac yoxdur"

 15:40 22.09.2023     315

Kiyev Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağa ətrafında yaranmış vəziyyəti həll etmək üçün qanuni yol seçib.

Redaktor.az xəbər verir ki, bunu Vaşinqtonda ukraynalı jurnalistlərlə söhbəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezident qeyd edib ki, polyaklara hörmətlə yanaşaraq, Ukraynanın maraqlarını qorumalıdır.

"Bir neçə aylıq iqtisadi itkilər hesablanıb - bu, yüz milyonlarla dollara bərabərdir. Amma ölkələrimiz arasında münasibətlər o aylardan daha dəyərlidir. Bu blokadadan yalnız Ukrayna əziyyət çəkdi, başqa heç kim".

Dövlət başçısı qeyd edib ki, ölkələr arasında konkret tarix üzrə razılaşma olub. Polşa, Macarıstan, Slovakiya, Bolqarıstan və Rumıniya sentyabrın 15-də Ukrayna taxılının idxalına qoyulan qadağanı ləğv etməli idi.

"Belə bir razılaşma var idi. Və hamı başa düşdü ki, bu tarixdən sonra blokada olarsa, Ukrayna hüquqi prosesi seçəcək. Bu, xəbər deyil. Siyasi konsertə ehtiyac yoxdur. Bu, sivil qərardır ki, ukraynalılar sırf iqtisadi təzminat alacaqlar”, - Zelenski əlavə edib.

Xatırladaq ki, sentyabrın 15-də Avropa Komissiyası Ukrayna taxılının Ukrayna ilə qonşu olan beş ölkəyə idxalına qoyulan qadağanı ləğv edib. Bununla belə, Polşa, Macarıstan və Slovakiya dövlət səviyyəsində birtərəfli qadağalar tətbiq ediblər.

Buna cavab olaraq Ukrayna Ümumdünya Ticarət Təşkilatına iddia qaldırıb.

Zelenski həmçinin bildirib ki, Avropadakı müttəfiqlər siyasi teatrla həmrəyliyə zərbə vurur.

Eyni zamanda, həm Ukrayna, həm də Polşa dövlətlərin hər iki tərəfə uyğun həll yolu tapa biləcəyinə əminliklərini ifadə ediblər.

Turan İSMAYIL