Bayden Zelenskiyə Ukraynaya ATACMS raketləri tədarük edəcəyini vəd edib
ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskiyə deyib ki, Vaşinqton Ukraynaya az sayda uzaqmənzilli ATACMS raketləri verəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "NBC News" adı açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb.
“Bayden Zelenskiyə ABŞ-ın az sayda uzaqmənzilli raketlər təhvil verəcəyi barədə məlumat verib”, - deyə kanal yazır.
Eyni zamanda, NBC News-un həmsöhbətləri ABŞ-ın raketləri nə vaxt təhvil verəcəyini və ya Vaşinqtonun bunu nə vaxt açıqlayacağını dəqiq deməyiblər.
Öz növbəsində, Konqresin adının açıqlanmayan nümayəndəsi telekanala bildirib ki, ABŞ administrasiyası hələ də Ukraynaya hansı tip və neçə raket göndərilməsini müzakirə edir.
Qeyd edək ki, Bayden bir gün əvvəl Vaşinqtonda Zelenski ilə görüşüb.
Bu gün "The Washington Post" müzakirələrdən xəbərdar olan mənbələrə istinadən yazıb ki, ABŞ administrasiyası Ukraynanı kaset sursatları ilə təchiz edilmiş ATACMS uzaqmənzilli raketlərlə təmin etmək barədə qərar qəbul etməyə yaxındır.
“Bayden administrasiyası Ukraynaya bir döyüş başlığı deyil, kaset sursatları ilə təchiz edilmiş ATACMS raketlərinin versiyasını təqdim etmək qərarına yaxındır”, - nəşr yazır.
Sentyabrın əvvəlində CNN məlumatlı mənbələrə istinadən xəbər vermişdi ki, Bayden tezliklə ATACMS-i Ukraynaya köçürməyə qərar verə bilər. Kanalın həmsöhbətlərinin sözlərinə görə, son həftələrdə ATACMS göndərilməsi ilə bağlı müzakirələr intensivləşib. Onlar qeyd ediblər ki, ABŞ Dövlət Departamenti və Pentaqon Baydenə bu addımı atmağı tövsiyə edir.
Əvvəllər Vaşinqton bəyan etmişdi ki, ATACMS taktiki ballistik raketlərinin çatışmazlığı səbəbindən Kiyevə göndərmək niyyətində deyil.
İyulda ABŞ hakimiyyəti Ukraynanı 100-dən çox ölkədə qadağan olunmuş kasetli sursatlarla təmin etmək qərarına gəlib. İyul ayında daha sonra Pentaqon Ukraynanın onları artıq qəbul etdiyini bildirdi.
Turan İSMAYIL