Serbiya və Kosovo eskalasiyaya yol verməməlidir - Blinken

 16:23 25.09.2023     321

Serbiyanın və Kosovonun hakimiyyət orqanları vəziyyətin gərginliyini azaltmaq və gərginliyin artmasının qarşısını almaq üçün çalışmalıdırlar.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin yaydığı yazılı açıqlamada deyilir.

O deyib: “Birləşmiş Ştatlar sentyabrın 24-də Banjska monastırı ərazisində (Kosovonun şimalında və Metohiyada) Kosovo polisinə qarşı koordinasiya edilmiş vəhşi hücumları qətiyyətlə pisləyir”. Bu cinayətə görə məsuliyyət daşıyanlar şəffaf istintaq prosesi vasitəsilə ədalət qarşısında cavab verməlidirlər. Biz Serbiya və Kosovo hökumətlərini gərginliyi daha da artıra biləcək hər hansı hərəkət və ya ritorikadan çəkinməyə və vəziyyətin gərginliyini azaltmağa, təhlükəsizliyi və qanunun aliliyini təmin etməyə, həmçinin Aİ-nin köməyi ilə dialoqa qayıtmaq üçün dərhal beynəlxalq tərəfdaşlarla koordinasiyada işə başlamağa çağırırıq".

Blinken əlavə edib ki, Kosovo polisi əyalətdə qanunun aliliyinin təmin olunmasına görə tam məsuliyyət daşıyır. "Birləşmiş Ştatlar Kosovo polisinin AB-nin Kosovodakı Qanunun Aliliyi Missiyası və NATO Kosovo Qüvvələri ilə sıx koordinasiyasını, xüsusən də hadisə yerində mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsini yüksək qiymətləndirir. Biz vəziyyəti izləməyə və bütün maraqlı tərəflərlə koordinasiya etməyə davam edəcəyik" - o, deyib.

Turan İSMAYIL