ABŞ Çinlə yeni təmaslar elan etdiyini AÇIQLADI

 23:26 27.09.2023     258

ABŞ yaxın gələcəkdə Çinlə yeni təmaslar elan edə biləcək, Vaşinqton Pekinlə əməkdaşlığı genişləndirməyə ümid edir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller amerikalı hərbçi Trevis Kinqin KXDR-dən geri qaytarılması məsələsində Vaşinqtonun Pekinlə qarşılıqlı əlaqəsi ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Trevis Kinq Çin ərazisində Amerika rəsmilərinə təhvil verilib.

“Deyərdim ki, biz dövlət katibi Entoni Blinkenin iyun ayında Pekinə səfərindən sonra bir sıra cəbhələrdə Çin hökuməti ilə danışıqlarımızın sürətində artım müşahidə etdik”, - ABŞ xarici siyasət rəsmisi bildirib. O, nazirlər və yüksək vəzifəli şəxslər səviyyəsində təmasları nəzərdə tutduğunu izah edib. "Çox yaxın gələcəkdə ictimaiyyətə açıqlaya biləcəyimiz başqa görüşlər də var ki, burada biz bir sıra məsələlərdə Çinlə fikir mübadiləsi aparırıq. Və inanırıq ki, Çinlə işləmək üçün əlverişli imkan var", - Miller vurğulayıb.

“ABŞ-ın maraqlarını irəli sürən və ya ümumi çağırışları həll edən sahələrdə birgə işləyə bildiyimiz istənilən vaxt biz bunu müsbət amil hesab edirik və ümid edirik ki, bu, əməkdaşlığın artmasına gətirib çıxaracaq”, - amerikalı diplomat əlavə edib.

Turan İSMAYIL