ABŞ ukraynalı pilotlar üçün dil hazırlığına başladı

 23:43 28.09.2023     280

Birləşmiş Ştatlar ukraynalı pilotlar üçün ixtisaslaşdırılmış dil təlimlərinə başlayıb və onlar daha sonra Amerika F-16 qırıcılarını idarə etmək üçün təlim keçəcəklər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq növbəti brifinqdə bildirib.

O, jurnalistin sualına “Bəli, ingilis dili kursu başlayıb” deyib.

Sinq əlavə edib ki, onun dil hazırlığına başlayan ukraynalı pilotların dəqiq sayı, nə də dil kurslarını bitirmək üçün təxmini vaxt çərçivəsi barədə məlumatı yoxdur, çünki sonuncu kursantların “bacarıqlarından və peşəkarlığından” asılı olacaq.

Daha əvvəl bildirilmişdi ki, Danimarkada da ukraynalı pilotlar hazırlanır.

Pentaqonun mətbuat katibi ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder avqustun sonunda elan etmişdi ki, Ukrayna hərbçilərinin F-16 qırıcılarını idarə etmək üçün təlimləri oktyabrda Arizonadakı bazada başlayacaq. Eyni zamanda, müdafiə nazirinin strategiya, planlaşdırma və imkanlar üzrə köməkçisi Mara Karlin avqustun əvvəlində açıq şəkildə bildirmişdi ki, F-16 təyyarələri yalnız Ukrayna Silahlı Qüvvələri onların istifadəsinə hazırlaşdıqdan sonra Kiyevə veriləcək. Karlinin sözlərinə görə, bu hərbi texnikanın təhvil verilməsinin bir neçə aydan sonra baş tutacağı gözlənilir.

Turan İSMAYIL