Pentaqon kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasını açıqladı

 09:22 29.09.2023     212

Kütləvi qırğın silahlarına (KQS) qarşı mübarizə strategiyasının yenilənmiş versiyasının hazırlanması Rusiya və Çinin bu sahədə artan imkanları ilə bağlıdır.

Redaktor.az yerli KİV-ə istinadla xəbər verir ki, bu fikir ABŞ Müdafiə Nazirliyinin açıqladığı kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasında yer alıb.

Sənəddə qeyd edilir ki, 2014-cü ildə kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasının nəşrindən bəri həm Çin, həm də Rusiyanın bu silahları inkişaf etdirmək imkanları artıb. Bu səbəbdən ABŞ, onun müttəfiqləri və tərəfdaşlarının kimyəvi, bioloji, radioloji və ya nüvə silahları ilə bağlı hərbi qarşıdurma ilə üzləşməsi riski daha da ciddiləşib.

Həmçinin bildirilir ki, Rusiya qeyri-strateji nüvə silahlarının böyük və müxtəlif arsenalını genişləndirir və modernləşdirir. Nüvə silahının genişləndirilməsi və modernləşdirilməsi proqramını inkişaf etdirən Çin 2030-cu ilə qədər ən azı 1000 və 2035-ci ilə qədər 1,5 min nüvə başlığı yerləşdirmək niyyətindədir.