Qriqoryan Tehrana Zəngəzur dəhlizinə görə ÇAĞIRILIB

 17:04 02.10.2023     251

Rəsmi Tehran Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfərinin məqsədləri barədə açıqlama verib.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani danışıb.

O bildirib ki, Qriqoryanın Tehrana səfəri İslam Respublikası üçün Qafqazdakı münaqişələrin potensial həllinə öz mövqeyini ifadə etmək üçün fürsət oldu.

Onun sözlərinə görə, səfər iki qonşu ölkə arasında ikitərəfli münasibətləri və Qafqaz regionunda baş verən hadisələri nəzərdən keçirmək üçün danışıqların və təmasların davamı çərçivəsində baş tutub.

Kənani bildirib ki, İran Qafqazdakı vəziyyətə böyük əhəmiyyət verir və Ermənistan rəsmisinin Tehrana səfəri bu məsələlərin müzakirəsi üçün baş tutub. O, Tehranın Bakı ilə İrəvan arasında münaqişələrin dayandırılmasını alqışladığını qeyd edərək, İranın beynəlxalq və geosiyasi sərhədlərin istənilən dəyişikliyinə qarşı olduğunu vurğulayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahianın “Zəngəzur dəhlizi” ilə bağlı son açıqlamalarına gəlincə, Naser Kənanai bildirib ki, İslam Respublikası regionun bütün ölkələrinə fayda verəcək nəqliyyat şəbəkələrinin inkişafına sadiqdir, lakin beynəlxalq sərhədlərin dəyişdirilməsi və regiondan kənar müdaxilənin əleyhinədir.

“İranın regionun sərhədləri ilə bağlı mövqeyi kifayət qədər aydındır. Biz dəfələrlə öz mövqeyimizi bildirmişik. Biz bütün tərəflərin mübahisələrin siyasi və dinc vasitələrlə danışıqlar yolu ilə həlli üçün məsuliyyətli səylərinin zəruriliyinə inanırıq”, - o qeyd edib və əlavə edib ki, İran Qafqazdakı problemlərin həlli üçün mümkün olan hər şeyi etməyə hazırdır.