"Ermənistanın bu qərarı İranla da münasibətləri pisləşdirir" - Erməni deputat

 19:16 03.10.2023     348

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsini ratifikasiya etmək qərarı uzaqgörən addımdır, çünki bu, təkcə Rusiya ilə deyil, İranla da münasibətləri pisləşdirir.

Redaktor.az xəbər verir ki, bunu "Sputnik" agentliyinə müsahibəsində “Hayastan” blokunun deputatı, Daşnaksütyun partiyasının üzvü Armen Rüstəmyan deyib.

Deputat təəccüblənir ki, Ermənistan hakimiyyəti hansı tələskənliklə belə bir addım atıb?

"Qərar Moskvanı incitmək üçün verilib. Nəyə görə tələsmək və sənədi tam qəbul etmək lazımdır? Onu qismən və ya Rusiya və İranla razılaşdırılmış kompromislə ratifikasiya etmək olardı. Nədənsə hamı Moskvadan danışır, amma Tehranın da nizamnamənin ratifikasiyası ilə bağlı şikayətləri var”, - deyə o qeyd edib.

Erməni deputat bildirib ki, söhbət indi Qərblə münaqişədə olan Ermənistanın iki strateji müttəfiqi və tərəfdaşından gedir və Ermənistan bununla da bu münaqişəyə cəlb olunur. Rüstəmyan ehtiyat edir ki, bu, Ermənistan üçün ən mənfi nəticələrə səbəb ola bilər və qarşıdurma ilə doludur. “Biz hər şeyi edəcəyik ki, belə bir addımın (Roma Statutunun ratifikasiyası - red.) nəticələri Ermənistanın və onun xalqının taleyinə təsir etməsin... Bu hakimiyyət nə vaxtsa gedəcək, erməni xalqı isə bu və ya digər tərəfdən zərbələr almamalıdır”, – siyasətçi bildirib.

Qeyd edək ki, oktyabrın 3-də Ermənistan Milli Assambleyası BCM-nin Roma Əsasnaməsini ratifikasiya edib. Rusiya Federasiyasında bu qurumun Rusiyanın ali rəhbərliyinə “həbs qərarı” verdiyi şəraitdə bu qərar son dərəcə mənfi qarşılanıb. Öz növbəsində, Ermənistan rəsmiləri əmin edirlər ki, ratifikasiya Rusiya Federasiyasına qarşı yönəlməyib və İrəvan yaranmış vəziyyətlə bağlı Moskvaya bir sıra təkliflər göndərib.

Turan İSMAYIL