Daha iki ölkə Şengen zonasına qoşula bilər

 23:40 04.10.2023     414

Almaniya kansleri Olaf Şolz Bolqarıstan və Rumıniyanın Şengen zonasına qoşulmasının lehinə danışıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə o, Berlində Bolqarıstanın Baş naziri Nikolay Denkovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Şengen zonasının genişləndirilməsi də vacibdir. Mən Bolqarıstan və Rumıniyanın Şengen zonasının tamhüquqlu üzvləri olmasını tam dəstəkləyirəm", - Şolz bildirib. Onun sözlərinə görə, Almaniya bu addımların yaxın gələcəkdə atılması üçün Avropa İttifaqı (Aİ) tərəfdaşları ilə işləməyə davam edəcək.

Xatırladaq ki, 16 noyabr 2022-ci ildə Avropa Komissiyası Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengen zonasına qoşulmağa hazır olduğunu elan edib və Aİ Şurasına (Şengen qrupu ölkələrinin fəaliyyətini koordinasiya edən Avropa İttifaqının qanunverici orqanı) bu qərarı təsdiq etməyi tövsiyə edib. Dekabrın 8-də Aİ-nin Daxili İşlər və Ədalət Şurasının Brüsseldə keçirilən iclasında Bolqarıstan və Rumıniyanın Şengen zonasına qoşulmaq üçün müraciətləri Avstriya və Hollandiyanın səsləri ilə rədd edilib. Eyni zamanda, Aİ ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib. İndi bura 27 ölkə daxildir, onlardan 23-ü Avropa İttifaqının üzvüdür.

Turan İSMAYIL