Klintonla Yeltsinin gizli danışıqları yayıldı

 16:54 05.10.2023     294

ABŞ-ın keçmiş prezidenti Bill Klintonla Rusiyanın keçmiş prezidenti Boris Yeltsin arasında danışıqların stenoqramı yayılıb.

Redaktor.az xəbər verir ki, sənədlər məxfilikdən çıxarılmış materialların toplanması ilə məşğul olan “Milli təhlükəsizlik arxivi” qeyri-hökumət təşkilatının saytında yerləşdirilib.

Məlumata görə, liderlər arasında telefon danışığı Moskvadakı qiyamdan sonra - oktyabrın 5-də baş tutub. Klinton konstitusiya böhranının həll olunması münasibətilə Yeltsini təbrik edib.

“Siz hər şeyi etməli olduğunuz kimi etdiniz və bunu etdiyinizə görə sizi təbrik edirəm”, - Klinton bildirib.

“Sənədlər göstərir ki, Klinton administrasiyasının Yeltsindən başqa alternativi olmayıb və nəyin bahasına olursa olsun, onu dəstəkləməyə hazır idi”, - sayt bildirib.

Qeyd edək ki, 1993-cü il oktyabrın 3-də Ruslan Xasbulatov və Aleksandr Rutskoyun rəhbərlik etdiyi Rusiya Ali Sovetinin nümayəndələri ilə Prezident Boris Yeltsinin tərəfdarları arasında silahlı qarşıdurma baş verir. Nümayişçilər paytaxt meriyasını ələ keçirərək “Ostankino”ya basqın etməyə cəhd edirlər. Buna cavab olaraq Yeltsinə sadiq olan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları atəş onlara açır. Ertəsi gün səhər Ali Sovetin nümayəndələri həbs olunur.