Türkiyə Suriya və İraqda hərbi mövcudluğunu genişləndirə bilər
Türkiyə Suriyanın şimalında PKK və YPG terror təşkilatının qüvvələrinə qarşı yönəlmiş hava əməliyyatlarının əhatə dairəsini genişləndirə bilər.
Redaktor.az-ın məlumatına görə, bu barədə "Hürriyət" qəzeti hökumətdəki mənbələrə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Suriyada hava əməliyyatları pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçiriləcək.
Türkiyə Hərbi Hava Qüvvələri lazım gələrsə, döyüş təyyarələrindən istifadə etməklə Şimali İraqda da oxşar şəkildə fəaliyyət göstərəcək. Türkiyə xarici işlər naziri Hakan Fidanın oktyabrın 1-də Daxili İşlər Nazirliyinin Ankaradakı qərargahında törədilən terror aktından sonra Suriya və İraqdakı bütün PKK infrastruktur və obyektlərinin artıq qanuni hədəflərə çevrildiyi barədə oktyabrın 4-də bəyanatı əsasında hərəkət edəcək.
“Hürriyət”in məlumatına görə, Ankara müxtəlif ssenarilər əsasında ətraf ərazilərdə əməliyyatların keçirilməsi planlarının hazırlanmasını başa çatdırıb. Prioritetlərdən biri Suriya və İraqla sərhədləri terrorçulardan tam təmizləməkdir. Qəzet qeyd edir ki, bu istiqamətdə əsas hədəf PKK-nın xeyli itki verdiyi Şimali İraqdakı Zap bölgəsidir və Suriyanın şimalındakı Tel-Rifat bölgəsində əməliyyat hazırlanır.
Həmidə İBRAHİMLİ