Priqojinin təyyarəsi əl qumbarası ilə partladılıb - PUTİN

 12:35 06.10.2023     234

"Vaqner" özəl hərbi qruplaşmasının qurucusu Yevgeni Priqojinin təyyarəsində həlak olanların cəsədlərindən əl qumbaralarının parçaları tapılıb.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday forumunda deyib.

Putinin sözlərinə görə, təyyarəyə kənar müdaxilə olmayıb. O, Rusiya İstintaq Komitəsi başçısının bu haqda ona məlumat verdiyini söyləyib. Putin təhqiqatın davam etdiyini, amma alkoqol ekspertizasının hələ aparılmadığını bildirib.

Prezident onu da bildirib ki, Priqojinin Sankt-Peterburqdakı ofisindən 5 kiloqram narkotik və 10 milyard rubl nağd pul tapılıb.

Avqustun 23-də Tver vilayətində özəl təyyarə qəza edib. Rəsmi məlumata görə, təyyarədəki 10 nəfərin hamısı həlak olub. Sərnişinlər arasında Yevgeni Priqojin, "Vaqner" ləqəbli Dmitri Utkin, qruplaşmanın digər komandirləri və muzdluları vardı. Priqojin Peterqburda dəfn edilib, ancaq onunla vida mərasimi qapalı, "Rusiya qəhrəmanı" fəxri adının olmasına baxmayaraq, fəxri qarovulsuz keçirilib.

Qəzanın səbəbləri bəlli deyil. Təhqiqat heç bir rəsmi versiya irəli sürməyib.

  • Priqojinin təsis etdiyi "Vaqner" qruplaşmasının muzdluları Ukrayna müharibəsində, o cümlədən Suriya və Afrikada quru əməliyyatlarında fəal iştirak ediblər. Qruplaşma döyüşçüləri çoxsaylı hərbi cinayətlərdə ittiham olunurlar.
  • Priqojin "Vaqner"in Rusiyanın hərbi rəhbərliyinə qarşı birgünlük hərbi qiyamından iki ay sonra həlak olub.
  • Bugünlərdə Putin qruplaşmanın keçmiş komandirlərindən Dmitri Troşev ilə görüşərək ona Müdafiə Nazirliyinə tabe olacaq könüllülərin kurasiyasını təklif edib. Priqojin buna qarşı çıxırdı. "Vaqner"in saxlanıb-saxlanılmayacağı aydın deyil.