"İsrailə hücumda Rusiyanın da dəstəyi ola bilər" - AÇIQLAMA

 12:03 09.10.2023     363

Məlum olduğu kimi, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından  HƏMAS-ın İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Maraqlıdır, Fələstinlə İsrail arasında toqquşmanın başlamasında hansı dövlətlərin əli var?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, İsrail və Fələstin arasında qarşıdurmanın 100 ilə yaxındır ki, tarixi var.

Politoloq qeyd etdi ki, tez-tez, 5 il, 10 ildən bir qarşıdurmalar baş verir.

"İndi də həmin qarşıdurma daha iri miqyasda baş verdi. Bunu həyata keçirən dövlətlər içərisində birinci yerdə İranın adını çəkmək lazımdır. Çünki uzun müddətdir ki, İsraillə qarşıdurma şəraitindədir. İran həm də terroru müdafiə edən təşkilatdır və bu nöqteyi-nəzərdən bölgədəki terrorçu təşkilatlarının demək olar ki, hamısını İran müdafiə edir, onlara hərbi yardım göstərir. Bu yardım etdiyi qüvvələrdən biri də HƏMAS-dır. Son qarşıdurma İranın bilavasitə iştirakı ilə həyata keçirilir. Ona görə də güman edirəm ki, əsas oyunçu İrandır. Rusiyanın da bu və ya digər formada dəstəyi ola bilər", - deyə Q.Hüseynli əlavə etdi.

Həmidə İBRAHİMLİ