İsrail HƏMAS-a qarşı döyüşmək üçün yüzlərlə əsgərini vətənə gətirir

 12:55 10.10.2023     329

İsrail HƏMAS-a qarşı müharibədə iştirak etmək üçün müxtəlif Avropa ölkələrindən yüzlərlə əsgərini vətənə gətirir.

Redaktor.az xəbər verir ki, “The Times of Israel” qəzetinin yazdığına görə, İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində xaricdə yerləşən yüzlərlə İsrail əsgərini Avropanın hər yerindən daşıyıb.

Qəzet yazır: “Hərbçilər C-130 və C-130J ağır nəqliyyat təyyarələrinin vəzifədən kənar əsgərləri geri qaytarmaq üçün Avropanın müxtəlif ölkələrinə uçduğunu iddia edir”.

İsrail ordusu qeyd edir ki, əməliyyat Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq həyata keçirilib.

Bundan əvvəl İsrail HƏMAS yaraqlılarının oktyabrın 7-də səhər saatlarında keçdiyi Qəzza zolağı ilə bütün sərhədə nəzarəti bərpa etdiyini bəyan etmişdi.

İndi İsrail ordusu sərhəd yaşayış məntəqələrinin boşaldılmasını başa çatdırıb və hələ də orada gizlənə biləcək terrorçuları məhv etmək üçün bu əraziləri taramaqda davam edir. Eyni zamanda, İsraili Qəzza zolağından ayıran hasardakı boşluqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

İsrail ordusu həmçinin Qəzza zolağındakı hədəflərə zərbələr endirməkdə davam etdiklərini və ötən gecə 200 belə hədəfin vurulduğunu bildirib.

Turan İSMAYIL