Rusiyaya səfər edən yapon deputat cəzalandırıldı

 15:30 10.10.2023     306

Yaponiyada müxalifətçi deputat Rusiyaya səfər etdiyi üçün partiyadan xaric edilib. 

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, Yaponiyanın sağçı müxalifət partiyası olan "Yaponiya Yeniləmə Partiyası"nın deputatı Muneo Suzuki Rusiyaya səfərindən sonra partiyadan çıxarılıb. 

Rusiyanın TASS agentliyi isə partiyanın baş katibi Fumitake Fujitaya istinadən yazıb ki, Suzuki "partiya üçün yaranan narahatlığa görə üzr istəyib və partiyadan çıxmaq istədiyini" deyib. 

Oktyabrın əvvəlində Suzuki Rusiyaya səfər edib və ölkə rəhbərliyinin nümayəndələri ilə görüşüb. Partiya və Yaponiya hökuməti deputatın bu səfərlə bağlı onlara heç bir məlumat vermədiyini bildirib. Rusiya mətbuatı Suzukinin səfərini və onun Rusiya rəsmiləri, o cümlədən Rusiya Federasiyası xarici işlər nazirinin müavinləri Andrey Rudenko və Mixail Qazuzin və Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçevlə görüşlərini ətraflı işıqlandırıb. 

Səfər zamanı Suzuki digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Moskvanın qələbəsi ilə başa çatacağına əminliyini ifadə edib. Yaponiya da digər G7 ölkələri kimi Ukraynanı dəstəkləyir və Rusiyaya qarşı sanksiyalar tətbiq edir.