"Moskva Ukraynaya qarşı müharibədə ələ keçirdikləri silahları HƏMAS-a verib" - Ukrayna kəşfiyyatı

 15:46 10.10.2023     311

Rusiya hakimiyyəti HƏMAS yaraqlılarının oktyabrın 7-də İsrailə qarşı hücuma hazırlığından xəbərdar idi. Bundan başqa, Moskva terrorçuları Ukraynaya qarşı müharibədə ələ keçirdikləri silahlarla təmin edib.

Redaktor.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna"ya şərhində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak məlumat verib.

"Kəşfiyyatın məlumatına görə, Rusiya rəhbərliyi HƏMAS-ın İsrailə qarşı terror aktı hazırladığını bilirdi. Moskva Ukraynaya qarşı müharibə zamanı ələ keçirə bildikləri silahları yaraqlılara təhvil verib", - Çernyak bildirib.

Bundan əlavə, Ukrayna kəşfiyyatı bilir ki, Rusiya HƏMAS ilə, xüsusən də döyüş əməliyyatlarında təcrübə mübadiləsi baxımından qarşılıqlı fəaliyyət göstərir.

"İndi Kreml HƏMAS-ın hücumu faktından Ukraynaya qarşı təbliğat aparmaq və dünyanın diqqətini Rusiyanın təcavüzündən yayındırmaq üçün istifadə edir", - Çernyak qeyd edib.

Mənbə əlavə edir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin hesablamalarına görə, Rusiya xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən bir neçə qrup artıq döyüş bölgələrində sırf Rusiyanın maraqları naminə fəaliyyət göstərir.

Turan İSMAYIL