Səlcuq Bayraktar Ursula fon der Leyeni ikiüzlü adlandırdı
"Bayraktar” pilotsuz uçuş aparatını (PUA) istehsal edən Türkiyənin "Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Rusiya-Ukrayna və Fələstin-İsrail münaqişələri ilə bağlı mövqeyində sərgilədiyi ikiüzlülüyü tənqid edib.
Redaktor.az xəbər verir ki, o, "X" platformasında "İkiüzlülüyün mükəmməl mənzərəsini necə yaratmaq olar" deyə yazıb.
Bayraktar, fon der Leyenin Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən çıxışını və "müdafiə hüququnu” tanıdığı İsraillə Fələstin arasındakı vəziyyətlə bağlı bəyanatını təkrar dərc edib.
Türkiyə siyasətçiləri, rəsmiləri və ictimai xadimləri İsraili Qəzza zolağı ilə bağlı hərəkətlərinə görə tənqid edirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl İsrail ordusunun hərbi reaksiyasını "qeyri-mütənasib güc tətbiqi” adlandırıb və onun hərəkətlərini "müharibə ilə deyil, kütləvi qırğınlarla” müqayisə edib.
Oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının silahlı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə daxil olmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab hesab edir. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, ora və Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir. Fələstinlilər arasında 1,2 mindən çox ölən, təxminən 5,9 min nəfər yaralanan, israillilər arasında - 1,5 minə qədər ölən, 4 minə yaxını yaralanan var.