Qəzza zolağında humanitar fəlakət elan edildi

 09:49 13.10.2023     322

Qəzza zolağında humanitar fəlakət və səhiyyə sisteminin çöküşü başlayıb.

Redaktor.az “The New York Times”a istinadla xəbər verir ki, bunu Fələstinli qaçqınlara kömək edən BMT agentliyinin media müşaviri Adnan Əbu Həsna deyib.

"Biz böyük bir fəlakətlə üz-üzəyik",- deyə o, bildirib.

Məlumata görə, Qəzza zolağında xəstəxanaların yanacağı tükənir və qorxmuş sakinlər hava hücumlarından sığınmaq üçün BMT-nin idarə etdiyi məktəblərə axışırlar. Su və elektrik enerjisi kəsilib, sərhədlər bağlıdır və qəbiristanlıqlarda bütün cəsədləri yerləşdirmək üçün kifayət qədər yer yoxdur.

Qeyd olunur ki, rayonun yeganə elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən çərşənbə günü dayanıb.

Bundan əvvəl İsrail bütün mülki əhalini Qəzza zolağından çıxmağa çağırıb. Qeyd olunur ki, İsrail ordusu quru əməliyyatı hazırlayır və artıq tank bölmələrini Qəzza ilə sərhəddə cəmləşdirib.

Həmidə İBRAHİMLİ