Qəzzada quru əməliyyatı çoxlu sayda mülki insanın ölümü ilə nəticələnəcək - Britaniya MN

 13:32 16.10.2023     269

İsrail ordusunun Qəzza zolağında keçirməyə hazırlaşdığı quru əməliyyatı çoxlu sayda mülki vətəndaşın ölümü ilə nəticələnəcək.

Redaktor.az xəbər verir ki, bunu Sky News-a müsahibəsində Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Heppi deyib.

“İsrail mülki əhalini Qəzzə zolağını tərk etməyə inandırmaq üçün mümkün olan hər şeyi edir. Əminəm ki, İsrail hədəf seçimində dəqiq olacaq və hədəflərlə bağlı etibarlı kəşfiyyata malik olacaq.

Amma iddia etmə ki, bu, dəhşətli olmayacaq. Qorxuram ki, yaxın günlərdə qorxulu məqamlar görəcəyik. Aydındır ki, İsrail Fələstin radikal hərəkatı HƏMAS-ı məhv etməkdə qərarlıdır, lakin onlar məqsədyönlü şəkildə mülki əhali arasında gizlənən düşməni izləyirlər”, - Hippi bildirib.

Qəzza zolağında britaniyalı girovlarla bağlı vəziyyətdən danışan Britaniya müdafiə nazirinin müavini onların sayı barədə dəqiq məlumata malik olmadığını bildirib. “Dəqiq rəqəmi təsdiq edə bilmərik, çünki düzünü desəm, kimin sağ olub, kimin olmadığını bilmirik”, - Hippi deyib.

Qeyd edək ki, "Sky News" daha əvvəl 10-a qədər britaniyalının HƏMAS tərəfindən əsir götürülə biləcəyini bildirmişdi.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab hesab edirlər. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, ora və Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir. 2,8 mindən çox fələstinli öldürülüb, 10,9 minə yaxını yaralanıb, İsrail tərəfində 1,5 minə qədər insan münaqişənin qurbanı olub, 4 minə yaxın insan yaralanıb.

Turan İSMAYIL