Rəisi Putinlə Qəzza və Qafqazdakı hadisələri müzakirə etdi

 16:30 16.10.2023     283

"İran və Rusiya prezidentlərinin bugünkü telefon danışığında Ayətullah Rəisi sionist rejimin cinayətlərinin davam etməsinə qarşı xəbərdarlıq edib".

Redaktor.az İRNA-ya istinadla xəbər verir ki, bu barədə İran Prezident Aparatının rəsmisi Məhəmməd Cəmşidi Rusiya Prezidenti Vladimir Putinlə İranın dövlət başçısı İbrahim Rəisi arasında telefon danışığı barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, Rəisi uzun və geniş müharibənin səbəbi kimi mühasirənin davam etməsini, qadın və uşaqların öldürülməsini, Qəzzaya qurudan hücumu və onun seçilmiş və qanuni hökumətinə hücumu hesab edib. 

Tərəflər Qafqazdakı hadisələri də müzakirə ediblər. Lakin agentlik danışıqların gedişi ilə bağlı təfərrüatlar vermir.

Qeyd edək ki, İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi dünən Fransa Prezidenti Emmanuel Makronun telefon zənginə cavab verərək, İsrailin cinayətkar hücumlarını qəti şəkildə pisləyib və Qəzza xalqının ağır vəziyyətindən, 70 illik zülm, cinayət, ayrı-seçkilik və ədalətsizlikdən narahatlığını bildirib. O, aparteidi, məzlum Fələstin xalqının İsrail tərəfindən vəhşicəsinə qətlə yetirilməsi və torpaqlarının qəsb edilməsini xatırladıb və deyib: "Fələstin müqavimət qruplarının etdikləri əslindəFələstin xalqına qarşı bu cinayətlərə reaksiya və 70 illik qətl, zülm və ədalətsizliyə etiraz idi".

İbrahim Rəisi həmçinin bildirib ki, "Əgər sionist rejim bu cinayətləri davam etdirməklə öz uğursuzluğunu kompensasiya etmək istəsə, hadisələrin inkişafının ölçüləri genişlənəcək". 

T.İSMAYIL