HƏMAS dörd ildir İsrailə hücuma hazırlaşırmış

 17:09 16.10.2023     245

Fələstinin radikal HƏMAS hərəkatı dörd ildir ki, Əl-Əqsa tufanı əməliyyatı və İsrailə hücuma hazırlaşırmış.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, HƏMAS-ın İsrailə hücumu iki tərəf arasında qarşıdurmada “yeni dövrün başlanğıcı” oldu, çünki fələstinli yaraqlılar yüksək hazırlıq səviyyəsini, eləcə də kəşfiyyatlarının effektivliyini nümayiş etdirdilər. Bu, 2020-ci ildən HƏMAS-ın illik təlimlər keçirməsi və mümkün hücum ssenarilərini işləyib hazırlaması sayəsində mümkün olub.

Tasnim qeyd edir ki, hərəkat nümayəndələri həmişə təlimlərin keçirilməsini açıq elan ediblər ki, onların keçirilməsi onlara vahid komanda mərkəzi yaratmağa, müxtəlif bölmələrin birgə hərəkətlərini həyata keçirməyə, həmçinin döyüş hazırlığını artırmağa kömək edib. Bundan əlavə, döyüşçülər qoşunların operativ səfərbər edilməsi, şəhər mühitində döyüş əməliyyatlarının aparılması, düşmənin yaşayış məntəqələrinin və hərbi obyektlərinin ələ keçirilməsi, sahilyanı ərazilərin işğalı və desant əməliyyatları üzrə məşq ediblər. Yaraqlılar İsrailin minalar, tanklar, pilotsuz uçuş aparatları, raket əleyhinə silahlar və digər silahlardan istifadə etməklə Qəzza zolağına mümkün hücumunun dayandırılması taktikasına xüsusi diqqət yetiriblər.

Agentlik vurğulayır ki, builki təlim faktiki hücumdan cəmi bir ay əvvəl baş tutub və İsrail hakimiyyəti bunu ciddi qəbul etməyib və HƏMAS-ın döyüş strategiyasını düzgün öyrənməyib.

T.İSMAYIL