"Yalnız bu yolla davamlı sülh təmin olunacaq. Əks halda..." - Hakan Fidan

 09:47 17.10.2023     433

Türkiyə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvlərinə Fələstin və İsrail arasında sülhün təmin edilməsi üçün qarant formulunu təklif edib. 

Redaktor.az Sondakika.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib.

"Biz hələ sistemin özünü və təminatların mahiyyətini müzakirə etməmişik, lakin bu ideyanı nizamlanmanın əsas variantı kimi təqdim edirik. Mən İƏT-in iclasında öz təkliflərimizi daha geniş auditoriyaya səsləndirəcəyəm. Biz təklif edirik ki, region ölkələrdən biri Fələstin üçün qarant olsun. Bu şərtlərdə Türkiyə də buna hazırdır. Digər ölkələr isə İsrailə qarant olacaq. Bu dövlətlər nizamlanmanın şərtlərini yerinə yetirmək üçün məsuliyyəti öz üzərinə götürməli olacaqlar”, - deyə Hakan Fidan bildirib.

Nazirin sözlərinə görə, Amerika tərəfi ilə təmaslar zamanı o, Yaxın Şərqdə münaqişənin həlli məsələsini qaldırıb:

"İsrail regionda özünün təhlükəsizliyini istəyirsə, o zaman fələstinlilərin də öz dövlətləri olmalıdır. Yalnız bu yolla davamlı sülh təmin olunacaq. Əks halda, ABŞ və Qərbin hərbi və siyasi dəstəyi ilə təhlükəsizlik problemi həll olunmayacaq və yeni gərginlik dövrləri başlayacaq”, - nazir qeyd edib.

Həmidə İBRAHİMLİ