Mahmud Abbas Britaniyadan kömək istədi

 10:02 17.10.2023     277

Fələstin prezidenti Mahmud Abbas bazar ertəsi Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefonla Qəzzadakı son hadisələri müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA bildirib.

M.Abbas İsrailin 1,1 milyondan çox insanı Qəzzanın cənub hissəsinə köçürülməsinə məcbur etmək planını pisləyib və Böyük Britaniyadan İsrailin fələstinliləri köçürmək cəhdlərinin qarşısını almağa çağırıb.

O, həm Fələstin, həm də İsrail tərəfdən mülki şəxslərin öldürülməsinə qarşı olduğunu bildirib və hər iki tərəfdən həbsdə olan mülki vətəndaşların və məhbusların azad edilməsinin vacibliyini vurğulayıb.

Fələstin lideri onu da deyib ki, hər iki tərəf beynəlxalq qanunlara və əvvəlki razılaşmalara hörmətlə yanaşmalı, hücumları dayandırmalı və Qəzzaya humanitar yardım gətirmək üçün təhlükəsiz dəhlizlər yaratmalı, həmçinin anklavı su və elektriklə təmin etməlidir.

O, sülh və təhlükəsizliyin yalnız beynəlxalq qətnamələrə əsaslanan iki dövlətli həll variantının həyata keçirilməsi və Fələstin Dövlətinin tanınması ilə əldə oluna biləcəyini vurğulayıb.

R.Sunak bildirib ki, Böyük Britaniya təcili humanitar yardım göstərməyə və gərginliyin azaldılması üçün bütün tərəflərlə işləməyə hazırdır.

Həmidə İBRAHİMLİ