BMT Qəzza zolağına humanitar yardımı 5 dəfə artırmaq istəyini açıqladı

 10:29 19.10.2023     228

BMT Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına çatdırılan humanitar yardımın həcmini 5 dəfə artırmaq niyyətindədir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits məlumat verib.

 "Əhəmiyyətli sayda yük maşını ilə başlamalıyıq və gündə 100-ə çatmalıyıq. Bunu etmək üçün resurslarımız var" - deyən BMT rəsmisinin sözlərinə görə, Qəzza zolağına humanitar yardımın həcmi əvvəldən “geniş miqyaslı” olmalıdır.

BMT baş katibinin müavininin sözlərinə görə, təşkilat Qəzza zolağına yardım proqramının necə həyata keçiriləcəyi ilə bağlı “son dərəcə ətraflı danışıqlar” aparır. "Hər gün yardımı çatdıra biləcəyimizə əmin olmalıyıq - məqsədyönlü, dəfələrlə və etibarlı" - deyən Qriffits, çatdırılmaların başlaya bilməsi üçün yardım planının təfərrüatlarını müvafiq tərəflərlə tezliklə razılaşdırmaq niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden İsraildən qayıdarkən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Misir lideri Əbdülfəttah əs-Sisi Qəzza xalqına humanitar yardımla 20-yə qədər yük maşını göndərmək üçün Rəfah keçidini açmağa razılaşıb.

Bundan əvvəl əs-Sisi qeyd etmişdi ki, Misir Qəzza zolağı ilə sərhəddə yerləşən Rəfah keçid məntəqəsini bağlamayıb, onun işinə İsrailin bombardmanları mane olub. Misir liderinin ofisi də iki ölkə prezidentinin telefon danışığında Qəzza zolağına uzunmüddətli əsaslarla Rəfah keçid məntəqəsi vasitəsilə humanitar yardımın çatdırılması barədə razılığa gəldiyini təsdiqləyib.

Turan İSMAYIL