İran və Rusiya Fələstində zərərçəkənlərə kömək etmək barədə razılığa gəldi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və Rusiyanın müdafiə naziri Sergey Şoyqu telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi zonasında zərərçəkənlərə yardım göstərmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Redaktor.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər silahlı toqquşmaların olduğu ərazidə atəşkəs rejiminin yaradılmasının zəruriliyini də müzakirə ediblər. Agentlik iddia edir ki, Rusiya Müdafiə Nazirliyinin rəhbəri öz növbəsində vurğulayıb ki, Moskvanın təklif etdiyi təşəbbüs atəşkəsin elan olunmasını nəzərdə tuturdu, lakin BMT Təhlükəsizlik Şurasındakı bəzi Qərb dövlətləri onun qəbuluna mane olub.
Qeyd edək ki, oktyabrın 18-də ABŞ veto hüququndan istifadə edərək Braziliyanın Yaxın Şərq qətnamə layihəsini bloklayıb. Rusiya Federasiyası səsvermədə bitərəf qalıb, buna Təhlükəsizlik Şurasının Braziliya sənədinə Rusiya tərəfindən edilən düzəlişləri rədd etməsi səbəb olub. Böyük Britaniya da səsvermədə bitərəf qalıb, BMT Təhlükəsizlik Şurasının qalan 12 üzvü qətnamənin qəbul edilməsinə səs verib.
Turan İSMAYIL