“Fransa ana dilimizdən istifadə etməyimizi məhdudlaşdırır”

 15:39 19.10.2023     216

“Fransa Martinika sakinlərinə ana dilimiz olan kreol dilindən istifadəni məhdudlaşdırır”.

Redaktor.az xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol mətbuat konfransında deyib.

“Martinika sakinləri öz aralarında fransızca danışırlar, Fransa bizə öz doğma kreol dilini rəsmi səviyyədə qanuniləşdirmək hüququnu verməyib. Biz müvafiq sənədləri hazırladıq ki, kreol dili dövlət dili statusu alsın. Lakin Fransa hakimiyyəti ona rəsmi status verməkdən imtina edib”, - o vurğulayıb.

Onun sözlərinə görə, region sakinləri öz ana dilində ünsiyyət qura bilirlər, lakin rəsmi statusun olmaması müəyyən məhdudiyyətlər yaradır: “Polineziyalılar da rəsmi sənədlərdə öz ana dillərindən istifadə etmək istədiklərini bildirdilər. Lakin onların təşəbbüsü də rədd edildi”.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcək.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.