Tokayev Nazarbayevin xidmətlərini unutmamağa çağırdı

 10:34 24.10.2023     304

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həmvətənlərini “tarixi ədalətə” riayət etməyə və respublikanın keçmiş rəhbəri Nursultan Nazarbayevin xidmətlərini unutmamağa çağırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə Respublika Günündə dövlət mükafatlarının təqdim edilməsi mərasimində tanınmış qazaxlıların adları qeyd olunarkən deyib.

"Biz tarixi ədalətə möhkəm riayət etməliyik. Ona görə də müstəqil dövlət kimi ölkəmizin əsaslarının möhkəmlənməsinə böyük töhfə vermiş ilk Prezident Nursultan Abişeviç Nazarbayevin tarixi rolunu qeyd etmək düzgün olardı", - o qeyd edib.

"Bu gün biz ədalətli Qazaxıstan qururuq, ona görə də keçmişin xadimlərinə, onların əməyinə və xidmətlərinə layiqli və ədalətli qiymət verilməlidir", - prezident vurğulayıb.

Xatırladaq ki, fevral ayında Tokayev Nazarbayevin, eləcə də onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyən qanunvericilik normasını qüvvədən salan qanunu imzalayıb.

83 yaşlı Nazarbayev 30 il respublikanın rəhbəri olub. 2019-cu ildə o, istefa verdiyini elan edərək, respublikada transformasiyaları davam etdirəcək yeni nəsil liderlərin hakimiyyətə gəlməsinin zəruriliyinə işarə edib.

Daha sonra konstitusiyaya uyğun olaraq dövlət başçısının səlahiyyətləri Senatın sədri kimi Tokayevə verilib. 2019-cu ilin iyununda Tokayev prezident seçkilərində qalib gəlib. 2022-ci ilin noyabrında keçirilən növbədənkənar seçkilərdə yenidən Qazaxıstan prezidenti seçilib.

Turan İSMAYIL