Qəzzada minlərlə uşaq öldürüldüyünə görə BMT TŞ qətnamə qəbul etməlidir - Zaxarova

 10:06 25.10.2023     380

Qərbdəki müəyyən siyasi qüvvələr, hətta Qəzza zolağında minlərlə uşağın ölümündən sonra belə, atəşkəs və regionda vəziyyətin sakitləşdirilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini hazırlaya bilmir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Münaqişənin kəskinləşməsi başlayandan bəri Qəzza zolağında 2,3 mindən çox uşağın ölümü ilə bağlı UNICEF-in məlumatlarını şərh edən Zaxarova BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı qətnaməsinin təcili qəbul edilməsinin zəruriliyini qeyd edib. 

“Bu, indiki vəziyyətdə ən bariz və kifayət qədər sadə şeydir - sadəcə olaraq bəyanat, qətnamə, vahid atəşkəs çağırışı ilə sənəd hazırlamaq, vəziyyəti sakitləşdirmək və s. Və hətta bu rəqəmlər də Qərbdə müəyyən siyasi qüvvələrin özünə gəlməyə və baş verənləri başa düşməyə vadar edə bilməz”, - diplomat bildirib.

UNICEF-in məlumatına görə, münaqişənin qızışmasından sonra 18 gün ərzində Qəzza zolağında 2,3 mindən çox uşaq həlak olub, 5,3 mindən çox uşaq isə yaralanıb. Təşkilatın bəyanatında qeyd edilib ki, Qəzza zolağının davamlı atəşə tutulması nəticəsində hər gün 400-dən çox uşaq ölür və ya yaralanır.

T.İSMAYIL