Türkiyə Fələstin üçün qarant-ölkə olmağa hazırdır - Ərdoğan

 16:43 25.10.2023     286

Ankara İsraillə vəziyyətin nizamlanması məsələsində Fələstin üçün qarant-ölkə kimi çıxış etməyə hazırdır.

Redaktor.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə parlamentdəki çıxışı zamanı deyib. O, həmçinin böhranın nizamlanması üçün beynəlxalq konfransın çağırılmasını təklif edib.

“Biz vəziyyətin nizamlanması məsələsində Fələstinin qarantı kimi çıxış etməyə hazırıq. Eyni zamanda, Fələstinlə İsrail arasında vəziyyətin nizamlanması üçün bütün nüfuzlu aktorların iştirakı ilə beynəlxalq konfransın çağırılmasını təklif edirik”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

O, həmçinin vurğulayıb ki, Türkiyə bölgədə dayanıqlı sülhün yolunu açmaq məsuliyyətindən imtina etməyəcək və təklif olunan variant problemin real həlli üçün ən səmərəli üsuldur.

Türkiyə Prezidenti əlavə edib ki, münaqişənin həllinin yeganə formulu paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması faktının dünya ictimaiyyəti tərəfindən qəbul olunmasıdır.