Nazir olduğum dövrdə Rusiyadan Ermənistana silah dolu 1500-ə yaxın uçuş həyata keçirilib - Ohanyan

 15:13 26.10.2023     288

Ermənistan hakimiyyəti tədarükünün diversifikasiyasını strateji müttəfiqi olan Rusiya ilə münasibətlərinin pisləşməsi bahasına edir.

Redaktor.az "news.am"a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan oktyabrın 26-da parlamentdə ənənəvi brifinqdə Fransa ilə müdafiə sazişini şərh edərkən deyib.

“Ölkə rəhbərliyi Rusiya Federasiyasından əsas təchizatla yanaşı, əvvəllər də başqa ölkələrdən müəyyən miqdarda silah alıb. Əməkdaşlıq qurularkən mövcud nəqliyyat və logistika çətinlikləri həmişə nəzərə alınıb. Bütün bu illər ərzində daşımalar Gürcüstan ərazisindən, qismən də İrandan keçməklə həyata keçirilib”, - Ohanyan bildirib.

Fraksiya rəhbərinin sözlərinə görə, heç kəs heç vaxt Ermənistana başqa ölkələrdən silah almağa qadağa qoymayıb.

O, həmkarlarını Ermənistan silahlarının böyük hissəsinin Rusiya mənşəli olduğunu unutmamağa çağırıb.

"Müvafiq olaraq, qurulmuş idarəetmə sistemi məhz bu silaha əsaslanır", - Ohanyan qeyd edib.

Ohanyan onu da vurğulayıb ki, əvvəllər Rusiyadan mütəmadi olaraq silah tədarükü həyata keçirilirdi. Belə ki, onun nazir olduğu müddətdə, 2008-ci ildən 2016-cı ilə qədər Rusiyadan Ermənistana göyərtəsində silah olan 1500-ə yaxın uçuş həyata keçirilib.