Adnan Oktar Aleyna Tilkini də tələyə salmağa çalışıbmış

 16:37 27.10.2023     304

Türkiyədə son günlər müzakirələrə səbəb olan “Kedicik” adlı sənədli filmdən sonra “Adnan Oktar Silahlı Cinayət Təşkilatı”nın qurbanı olanlarla bağlı saysız məlumatlar yayılır. Belə ki, artıq bir çox şəxs təşkilatın lideri Adnan Oktarın əməllərindən əziyyət çəkdiklərini açıq şəkildə etiraf edirlər. Onlar arasında sadə vətəndaşlarla yanaşı nüfuzlu ailələrin uşaqları, eləcə də məşhur şəxslər var.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin gənc pop müğənnisi Aleyna Tilki də Oktarın dəstəsində “kedicik” olmaqdan son anda xilas olub. İddialara görə, bu hadisə baş verərkən Aleynanın cəmi 13 yaşı olub.

Məlumata görə, tələbə yataqxanasının reklamında anasına dəstək olan Tilki Marmara Universitetinin qarşısında reklam vərəqlərini paylayarkən “kedicik” ləqəbli qadınlardan biri ona yaxınlaşıb. Aleyna ilə söhbət etməyə çalışan bu qadın “Sən çox istedadlısan, albom hazırlamalısan” deyərək ona elektron poçt ünvanını verib. Anasının diqqətli davranması nəticəsində Aleyna “kedicik” olmaqdan son anda xilas olub.

Qeyd edək ki, komediyaçı Eser Yenenlerin həyat yoldaşı, model Berfu Yenenlər də bir müddət öncə oxşar hadisə ilə qarşılaşdığını, Adnan Oktarın tələsinə düşməkdən son anda xilas olduğunu açıqlamışdı.

Xatırldaq ki, 2018-ci ilin iyulun 11-i səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4  ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi saxlanılıb. O, “cinayət törətmək üçün təşkilat yaratmaq”, “uşaqlara qarşı cinsi istismar” kimi bir çox cinayətdə ittiham olunaraq 8658 il həbs cəzasına məhkum edilib.