ABŞ və Çin liderləri görüşür

 12:57 28.10.2023     258

Çinin və Birləşmiş Ştatların hakimiyyət orqanları noyabr ayında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı ölkələrinin sammitinin baş tutacağı San-Fransisko şəhərində ÇXR sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında görüşün keçirilməsi üçün qarşılıqlı fəaliyyət göstərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çinin xarici işlər naziri Van İ ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan arasında keçirilən görüşün nəticələrinə dair məlumatda bildirilir ki, tərəflər iki ölkə liderinin San-Fransisko şəhərində görüşünün təşkili üçün birgə fəaliyyət barədə razılığa gəliblər.

Qeyd olunur ki, Van İ və Ceyk Sallivan bir sıra vacib beynəlxalq məsələlər, o cümlədən, yüksək səviyyəli təmasların davam etdirilməsi barədə məzmunlu və konstruktiv dialoq aparıb.

Van İnin sözlərinə görə, ÇXR və ABŞ arasında münasibətləri normallaşdırmaq üçün beş prinsipi - yüksək səviyyəli konsensusa hörmətlə yanaşmaq, sabitliyə can atmaq, dialoq kanallarını açıq saxlamaq, fikir ayrılıqlarını cilovlamaq və qarşılıqlı maraqları nəzərə almaq lazımdır.