Dağıstandakı hadisələrlə bağlı cinayət işi açıldı - Tutulanlar var

 23:48 29.10.2023     317

Rusiya İstintaq Komitəsi Dağıstanda baş verən hadisələrlə bağlı kütləvi iğtişaşlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci maddəsi) maddəsi ilə cinayət işi açıb.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Dağıstan məlumat yayıb.

Kütləvi iğtişaşlarla bağlı maddə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Hava limanına polis əməkdaşlarının olduğu avtobuslar gətirilib. Lakin hələlik həbslər barədə məlumat verilməyib. Sosial şəbəkələrdə bir qrup etirazçının polis avtomobilinin qarşısını kəsməsinin videosu yayılır.

Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi bildirib ki, “iğtişaşlar törədənlər və etnik ədavəti qızışdıranlar” da cinayət məsuliyyətinə cəlb olunacaqlar. Daxili İşlər Nazirliyi onu da bildirib ki, hava limanında videomüşahidə sistemi olduğundan aksiyanın bütün iştirakçılarının şəxsiyyəti müəyyənləşdiriləcək.

Rusiya hakimiyyətinə yaxın "Baza" teleqram kanalı bir neçə nəfərin tutulduğunu bildirib.

Qeyd edək ki, bir neçə yüz nəfərdən ibarət qrup antisemit şüarları ilə Mahaçqala hava limanının uçuş-enmə zolağına çıxıb. Onlar yəhudiləri axtardıqlarını bildiriblər.