"Onlar Dağıstanda sabitliyi pozmağa çalışır" - Sergey Məlikov

 10:02 30.10.2023     267

Dağıstan rəhbəri Mahaçqaladakı iğtişaşları xaricdən gələn “düşmənlərlə” əlaqələndirib.

Redaktor.az "RBK"ya istinadən xəbər verir ki, bunu regionun rəhbəri Sergey Məlikov deyib.

"Dağıstanda sabitliyi pozmaq cəhdləri Rusiyanın xaricdən gələn düşmənləri tərəfindən həyata keçirilir".

Onun sözlərinə görə, sakinlərin mitinqlərə çıxması üçün çağırışlar dərc edən teleqram kanallarından biri Ukrayna ərazisindən idarə olunur:

"Bu gün biz tamamilə etibarlı məlumat aldıq ki, "Dağıstanın səhəri" kanalı Ukrayna ərazisindən satqınlar, banderaitlər tərəfindən idarə olunur və tənzimlənir", - o əlavə edib.

Respublika rəhbəri onu da bildirib ki, Mahaçqala hava limanında iğtişaşlar zamanı iki polis əməkdaşı yaralanıb. Onun sözlərinə görə, onlar “hava limanının qadağan olunan ərazilərini bağlayarkən” xəsarət alıblar.

Xatırladaq ki, ötən gün Mahaçqala hava limanında İsraildən təyyarənin gəlməsi ilə bağlı kütləvi iğtişaşlar baş verib. İzdiham İsraildən gələnləri axtarmaq üçün terminal binasına, daha sonra uçuş-enmə zolağına axışıb. Federal Hava Nəqliyyatı Agentliyi hava limanını noyabrın 6-da Moskva vaxtı ilə saat 02:59-a qədər bağlayıb. Daha sonra şöbədən bildirilib ki, hava limanı oktyabrın 31-i saat 02:59-a kimi açılacaq.

NƏRGİZ