Belarus Moskva və Kiyevi barışdırmağa hazırdır - Müdafiə naziri

 10:17 30.10.2023     231

Belarus bundan sonra da Moskva və Kiyev üçün danışıqlar platforması kimi çıxış etməyə və sülh yolu ilə nizamlanmaya hər cür töhfə verməyə hazırdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin 10-cu Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

"Bu, müxtəlif platformalarda, o cümlədən bu yaxınlarda keçirilən beynəlxalq təhlükəsizlik üzrə Moskva konfransında dəfələrlə müzakirə olunub. Yalnız onu deyim ki, Belarusun mövqeyi dəyişməzdir: biz hələ də onun danışıqlar platforması, sülh yolu ilə nizamlanmasına kömək etmək üçün mümkün olan hər şeyi etməyə hazırıq”, - deyə o, Ukrayna böhranı haqqında danışarkən qeyd edib.

Qeyd edək ki, oktyabrın 29-da X Syanşan Təhlükəsizlik Forumu açılıb. Oktyabrın 31-dək davam edəcək. Akademik və diplomatlarla yanaşı, Rusiya, Böyük Britaniya, İran, Səudiyyə Ərəbistanı və ABŞ da daxil olmaqla 90-dan çox ölkədən rəsmi nümayəndə heyətləri iştirak edir. Nümayəndə heyətlərinin təxminən üçdə biri müdafiə nazirləri və baş qərargah rəisləri səviyyəsində təmsil olunur.

Tədbirin əsas mövzusu “Ümumi Təhlükəsizlik, Davamlı Sülh”dür. Forum iştirakçıları Asiya, Yaxın Şərq və Avropaya xüsusi diqqət yetirməklə qlobal və regional təhlükəsizliklə bağlı fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, onlar süni intellekt və nüvə riskləri ilə bağlı məsələləri müzakirə edəcəklər.

Turan İSMAYIL