"Humanitar fasilənin tətbiq edilməsi zəruridir" - Cənubi Koreyadan İsrailə çağırış

 10:38 30.10.2023     226

Cənubi Koreyanın xarici işlər naziri Pak Çin BƏƏ və İordaniyadan olan həmkarları ilə telefon danışığında humanitar fasilənin tətbiq edilməsinin zəruriliyi ilə razılaşıb və İsrailin Qəzza zolağında quru əməliyyatlarının genişlənməsindən narahatlığını bildirib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan əlavə, oktyabrın 29-da Cənubi Koreya diplomatiyasının rəhbəri israilli həmkarı Eli Koenlə telefon danışığı aparıb.

Xarici işlər nazirləri ilə telefon danışıqlarında Pak Çin mövcud vəziyyətdən narahatlığını ifadə edib: "İtkilərin sayının kəskin artması, quru əməliyyatlarının genişləndirilməsi və həftə sonu Qəzza zolağına hava zərbələrinin maksimum dərəcədə intensivləşdirilməsi narahatlıq yaradır. Qarşıdurmalar nəticəsində 9,4 min nəfər həlak olub".

Nazir əlavə edib ki, beynəlxalq hüquqa hörmət etmək və mülki əhali arasında itkilərdən qaçmaq lazımdır.

NƏRGİZ