Türkiyə İsrailin hərbi cinayətləri ilə bağlı BCM-yə məlumat verə bilər - "Hürriyet"

 10:51 30.10.2023     257

Türkiyə birbaşa olaraq Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı mühakimə başlatmasını tələb edə bilməz, lakin cinayətlər barədə prokuroru məlumatlandıra bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti prezident Rəcəb Tayyib Ərdoğanın daha əvvəl İsraili hərbi cinayətkar elan etmək planlarını açıqlaması ilə bağlı yazır.

Nəşr izah edir ki, Roma Statutunu imzalamadığı üçün BCM-ə dövlət adından müraciət etmək Ankara üçün mümkün deyil. Bu arada, oktyabrın 28-də İstanbulda Fələstinə dəstək mitinqində çıxış edən Ərdoğan müəyyən bir şəkildə İsraili beynəlxalq səviyyədə “müharibə cinayətkarı elan etmək” niyyətində olduğunu açıqlayıb. Belə cinayətlərin təhqiqatı BCM-nin yurisdiksiyasına aiddir.

“Hurriyet” yazır ki, Türkiyə beynəlxalq məhkəmənin yaradılması üçün birbaşa olaraq BCM-ə müraciət edə bilməsə də, dövlət qurumları və qeyri-hökumət təşkilatları vasitəsilə cinayətlər barədə “prokurorluğu məlumatlandıra” bilər. Qəzet, Türkiyənin yəqin ki, belə davranacağını düşünür. O, həmçinin qeyd edir ki, Türkiyənin İsrailin Qəzzada hərbi cinayətlər törətdiyinə dair güclü sübutları var.

Ərdoğan oktyabrın 28-də keçirilən mitinqdə deyib ki, o, “artıq İsraili hərbi cinayətkar elan etmək üçün çalışır”. O, yəhudi dövlətini də qrup şəklində fəaliyyət göstərən işğalçı adlandırıb. Eyni zamanda, Fələstinin radikal HƏMAS hərəkatı, onun sözlərinə görə, terror təşkilatı deyil.

Qeyd edək ki, Roma Nizamnaməsi BCM-ni yaradan və onun nizamnaməsi kimi xidmət edən beynəlxalq müqavilədir. BCM soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüzə görə məsuliyyət daşıyanları təqib etmək səlahiyyətinə malikdir. Məhkəmənin yurisdiksiyasına 2002-ci il iyulun 1-dən sonra Roma Statutunun iştirakçısı olan dövlətin ərazisində, habelə iştirakçı dövlətlərin vətəndaşları tərəfindən hər hansı digər ölkənin ərazisində törədilmiş cinayətlər aiddir. Ərazisində cinayət baş vermiş dövlət qanunun iştirakçısı deyilsə və ya onun vətəndaşları ağır cinayətlərdə şübhəli bilinirlərsə, BMT Təhlükəsizlik Şurası cinayət təqibinin başlanması üçün mandat verə bilər.

İsrail Roma Statutunun tərəfi deyil. 2002-ci ilə qədər bu müqavilənin tərəfi olub, lakin imzasını geri götürüb.

Turan İSMAYIL