Mahaçqala aeroportunda iğtişaşlarda iştirak edən 83 nəfər saxlanıldı

 23:36 30.10.2023     299

Hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqalanın “Uytaş” beynəlxalq aeroportunda iğtişaşlarda iştirak edən və iğtişaşlara çağırış edən 83 nəfəri saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin Baş İdarəsi əlavə edib ki, polis əməkdaşları tərəfindən 50-dən çox axtarış aparılıb:

“Bu zaman kütləvi iğtişaşları təşkil edənlərlə bağlı maddi sübutlar, ofis avadanlığı və telefonlar götürülüb. Şəhərdə əməliyyat şəraiti hüquq-mühafizə orqanlarının nəzarətindədir”.

Polis xəbərdarlıq edir ki, şəhərdə əməliyyat vəziyyətini çətinləşdirməyə yönəlmiş bütün cəhdlərə dərhal son qoyulacaq.

Qeyd edək ki, Təl-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Hazırda hava limanı bağlanıb, təyyarələr digər aeroportlara yönəldilib.